...

Azərbaycanda Kür çayında daşqınların baş verməsinin əsas səbəbi qarın və yağışların həddən artıq yağmasıdır - Hüseynqulu Bağırov

Cəmiyyət Materials 15 May 2010 14:17 (UTC +04:00)
Azərbaycanda Kür çayında daşqınların baş verməsinin əsas səbəbi qarın və yağışların həddən artıq yağmasıdır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov şənbə günü keçirdiyi mətbuat konfransında məlumat verib.
Azərbaycanda Kür çayında daşqınların baş verməsinin əsas səbəbi qarın və yağışların həddən artıq yağmasıdır - Hüseynqulu Bağırov

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Kür çayında daşqınların baş verməsinin əsas səbəbi qarın və yağışların həddən artıq yağmasıdır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov şənbə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir Araz və Kür çaylarında və bu çaylara axan digər su mənbələrində mütəmadi monitorinqlər aparıldığını bildirib.

Onun sözlərinə görə, mayın sonunadək qar sularının təsiri ilə çaylarda suyun çoxalması mümkündür.

Bağırov Kürün deltasının lillənməsinin daşqının baş verməsinin tək səbəbi kimi qeyd olunmasını düzgün hesab etmir.

"Bu, səbəblərdən biridir. Kürün ağzının açılması problemin həllinə müəyyən qədər kömək edə bilər, amma problemi tam həll edə bilməz", - nazir vurğulayıb.

Nazir qeyd edib ki, Kürdə 100-150 ildən bir belə daşqınlar olub, çay məcrasını dəyişib.

Bağırov Kür ətrafında bənd tikməklə onu sıxışdırmağı düzgün saymır.

"Kənd təsərrüfatı məqsədilə istifadə olunan müəyyən torpaqları təbiətə qaytarmalıyıq. Yalnız strateji əhəmiyyətli, insanların sıx yaşadığı ərazilərdə bəndlər tikməklə Kürün daşmasının qarşısını ala bilərik", - nazir deyib.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti