Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Hacıyev/
Neft və qaz emalı, neft-kimya sənayesinin gələcək inkişafının əsas prioritet istiqamətləri müəyyənləşdirilərkən ekoloji məsələlərin nəzərə alınması vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü 17-ci Beynəlxalq Xəzər, neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı çərçivəsində keçirilən "Ətraf mühit texnologiyaları: sürətlə inkişaf edən neft və qaz sənayesinin gələcəyi" adlı beynəlxalq konfransda ekologiya və təbii sərvətlər nazirinin (ETSN) müavini Novruz Quliyev deyib.
"XIX əsrdən başlayaraq Azərbaycanda ətraf mühit nəzərə alınmadan karbohidrogen ehtiyatlarının primitiv üsullarla mənimsənilməsi nəticəsində bizə neft məhsulları ilə çirklənmiş böyük ərazilər miras qalıb", - Quliyev əlavə edib.
Nazir müavini bildirib ki, əraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ekologiya ili elan olunub və bu sahədə bir çox işlər həyata keçirilib.
"Hazırda neft sənayesindn ən çox ziyan çəkmiş Abşeronda neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə işlər aparılır. Sənaye və məişət tullantı sularının təmizlənmədən dənizə axıdılmasının qarşısının alınması üçün yeni təmizləyici qurğular inşa edilir. Abşeron yarımadasının şimal hissəsinin sahil boyu 86 km hissəsində beynəlxalq standartlara cabab verən modul tipli sutəmizləyici qurğular inşa edilib. Hazırda Abşeron yarımadasında yaşıllaşdırma işləri həyata keçirilir. Ölkəmiz tərəfindən ətraf mühitlə bağlı problemlərin regional səviyyədə həll olunması üçün beynəlxalq müqavilələrə qoşulmağa böyük diqqət yetirilir. Buna Xəzəryanı ölkələrdə dəniz ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasını qeyd etmək olar", - Quliyev bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse prezidenti Soltan Əliyev bildirib ki, 2008-ci ildə ARDNŞ-nin ekologiya siyasəti müəyyən olunub. Bu siyasətin əsas prinsipi "0 tullantı" prinsipidir.
"ARDNŞ tərəfindən 2006-cı ildən bu günə qədər Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağı, Qarabağlı mədənlərində 300 ha torpaq çirkabdan təmizlənib. Bu torpaqlarda rekultivasiya üsulu ilə bioremedesiya işləri aparılıb, ərazi yaşıllaşdırılıb. Heydər Əliyev adına hava limanına gedən yolda 50 ha ərazidə köhnə neft anbarlarının təmizlənməsi və orada "Bakı Olimpiya stadionu"nun tikilməsi nəzərdə tutulur", - Əliyev əlavə edib.
Əliyev qeyd edib ki, 2008-2009-cu illərdə atmosfer tullantılarının miqdarı 859 min CO2 ekvivalentində azaldılıb. Bu hal öz növbəsində 420 mln kubmetr səmt qazının yığılıb sistemə verilməsi ilə nəticələnib. Gəmilərlə mədənlərə daşınan içməli suya qənaət edilməsi məqsədilə Neft daşlarında sutkada 500 kubmetr dəniz suyunu şirinləşdirmək imkanı olan "Əks Osmos" tipli biotəmizləyici avadanlıq quraşdırılıb. Pirallahı və Çilov adalarında çirkab sularının təmizlənməsi üçün 2 ədəd bioloji qurğu tikilib.