...

Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə təşkil olunub

Cəmiyyət Materials 23 Sentyabr 2010 17:31 (UTC +04:00)
Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə təşkil olunub.
Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə təşkil olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə təşkil olunub. Trend-in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilat etdiyi tədbirdə Bundestaqın elmi işçisi, siyasi elmlər üzrə mütəxəssis Hayko Lanqner "Geopolitik təsir və gərginləşən təhlükəsizlik mühitində Dağlıq Qarabağ münaqişəsi" adlı mühazirə təqdim edib.

Tədbiri təşkil edən AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılovanın verdiyi xəbərə görə, Hayko Lanqner öz məruzəsində Qarabağ müharibəsi ilə bağlı mühüm məqamlara yer ayırıb.

Siyasətçi qeyd edib ki, 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs haqqında anlaşma əldə olunduğu zamandan bəri ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik etməyə çalışır. Münaqişə tərəfləri isə öz başlanğıc mövqeyinden dönməyib: Azərbaycan tərəfi dövlətin suverenliyini, ərazi bütövlüyünü tənzimləyən beynəlxalq qanunvericiliyə istinad edir, işğal olumuş torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb edir, Ermənistan isə zəbt etdiyi ərazilərdən geri çəkilmir, Dağlıq Qarabağda qondarma dövlət yaradıb, üstəlik, münaqişənin həllində Dağlıq Qarabağın erməni icmasının tərəf kimi qəbul olunmasını istəyir.

"ATƏT-in Minsk qrupunun göstərdiyi səylərə baxmayaraq, münaqişənin qısa zamanda həll ediləcəyi ehtimalı azdır" deyən Hayko Lanqner əlavə edib ki, əksinə, son vaxtlarda Qarabağ cəbhəsində atəşkəsin pozulması halları intensiv xarakter alıb və bunun yeni silahlı münaqişəyə çevrilməsi qorxusu getdikcə artır. Məruzəçi həmçinin regionda geosiyasi maraqları olan ATƏT-in Minsk qrupundakı dövlətlərin münaqişənin həlli üçün vacib olan addımları atmamasına səbəb olan amillər, niyə məhz bu dövlətlərin münaqişənin həllinə təsir göstərə bilməsi imkanları, habelə hələ də həllini tapmamış və dondurulmuş vəziyyətin zəbt olunmuş torpaqların humanitar və iqtisadi durumuna təsiri və digər məsələlərdən danışıb.

Trend-in arayışı: Hayko Lanqner şimal-şərqi Avropa, Rusiya, Türkiyə, Qafqaz regionu üzrə mütəxəssisdir, bu bölgələrdəki proseslərə dair xeyli məqalənin müəllifidir. 2009-cu ildə "Şərqi Qafqaz, Dağlıq Qarabağ, Abxaziya, Şərqi Osetiya - identitet, xalq hüquqları, geostrateji maraqlar mühitində" adlı kitabı nəşr olunub.

Lanqner işğal edilmiş Azərbaycan ərazilərində alman jurnalistlərin 2010-cu ildə çəkdiyi və Şuşa, Laçın, Xankəndi, Ağdam, Əsgəran bölgələrindəki erməni vəhşiliklərini əks etdirən fotoları nümayiş etdirib.

Tədbirdə 1990-cı illərdə Almaniyanın ATƏT-in Minsk qrupunda nümayəndəsi olmuş Dr. Frank Lambax, Bundestaqın elmi işçisi xanım İvon Bexlayn, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, dramaturq, jurnalist Lutz Layxtfus, doktorant və tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Məruzədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bu mövzuda tədbirin keçirilməsi Berlindəki erməni diasporunun nümayəndələrinin narahatlığına səbəb olub.

Xəbər lenti

Xəbər lenti