Azərbaycan, Gəncə, 27 dekabr /Trend, müxbir V.Məmmədov/
Tovuzun N saylı hərbi hissəsində əsgərlərlə görüş keçirilib.
Tovuzda rayonun N saylı hərbi hissəsində təşkil edilən bayram tədbirində millət vəkili Qənirə Paşayeva, Həvva Məmmədova, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Şəhid Anaları Birliyinin rəhbərliyi və başqaları iştirak edib.
Millət vəkili Qənirə Paşayeva əsgərləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında artıq ordumuz tam hazırlıq vəziyyətindədir.
"Hərbçilərimizin hazırlıq səviyyəsindən də görünür ki, istənilən an düşmənə layiqli cavab verərək torpaqlarımızı işğaldan azad etmək mümkündür. Mən hər zaman qeyd edirəm ki, əziz bayramları ön cəbhədə, Vətənin keşiyində duran əsgərlərlə keçirtmək hər birimizin borcudur. Daim ordumuzun, əsgərlərimizin yanında olmaq Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ictimai-siyasi xadimlərin, millət vəkillərinin və ziyalıların qarşısında qoyduğu vəzifədir. Onlar ön cəbhədə Vətənimizi qoruyaraq bu bayramı qeyd edirlər", - Paşayeva bildirib.
Millət vəkili bildirib ki, hərbçilərimizin gücünü hər kəs görür.
Həvva Məmmədova əsgərlərə 2011-ci ildə qələbə sevinci arzulayaraq hərbçilərimizlə daima fəxr etdiklərini bildirib.