...

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vandalizm aktları ilə bağlı Soyqırım Muzeyi yaradılmalıdır

Cəmiyyət Materials 29 Mart 2011 13:04 (UTC +04:00)
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı Soyqırım Muzeyi yaradılmalıdır.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vandalizm aktları ilə bağlı Soyqırım Muzeyi yaradılmalıdır

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarla bağlı Soyqırım Muzeyi yaradılmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə çərşənbə axşamı AMEA-nın İnsan Hüquqları İnstitutunda "1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində" mövzusunda keçirilən elmi-nəzəri konfransda İnstitutun əməkdaşı, professor Anar İsgəndərov çıxış edib.

Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı müxtəlif illərdə törətdiyi soyqırımlarla bağlı kifayət qədər arxiv materialları, sənədlər və şəkillər var. Bu sənədlərin muzeydə toplanması və məlum faciələrlə bağlı yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması vacibdir.

Ermənilərin 1918-ci ildə Bakıda və Şamaxıda həyata keçirdiyi soyqırım barədə geniş məlumat verən İsgəndərov 36 cildlik təhqiqat sənədlərində yer alan faktlar barədə danışıb.

Onun sözlərinə görə, sənədlər arasında soyqırımın canlı şahidi olan yəhudinin ermənilərin törətdiyi vəhşilik barədə 11 səhifəlik ifadəsi var. O, bu ifadəsində ermənilərin Bakıda "Kaspi" qəzetinin redaksiyasının, "Dağıstan" mehmanxanasının, "İsgəndəriyyə" binasının, təzə nəşr olunan "Quran" kitablarının yandırılmasından söhbət açıb. Şamaxıdakı soyqırıma toxunan İsgəndərov bildirib ki, bu ərazidəki "Cümə" məscidi ilə bağlı çox dəhşətli faktlar şahid ifadələri əsasında sənədlərdə əks olunub.

"Ən dəhşətli faktlar "Cümə" məscidi ilə bağlıdır. Məscidin axundu Cəfərqulunun başına ermənilər olmazın müsibətlərini açıblar. Onun saqqalının tüklərini bir-bir yolublar. Sonra da amansızlıqla qətlə yetiriblər", - İsgəndərov vurğulayıb.

İnstitutun direktoru Aytən Mustafayeva Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin İnstitutda tədqiq olunduğunu, həmin sənədlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif dillərə nəşr ediləcəyini deyib.

O, bu sənədlərin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin dünyaya çatdırılmasında əvəzsiz rolu olacağını vurğulayıb.

Mustafayeva Təhqiqat Komissiyasının yaradılmasını ADR hökumətinin Azərbaycan xalqı qarşısında ən böyük xidməti və bu sənədlərin Sovet hakimiyyəti illərində məhv edilməməsini möcüzə kimi dəyərləndirib.

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli hökuməti tərəfindən Gəncədə iki məqsədlə yaradılıb - birincisi, erməni silahlıları tərəfindən 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, 1918-19-cu illərdə isə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması, ikincisi toplanmış sənədlərin müxtəlif dillərdə - fransız, rus, ingilis, ərəb, türk dillərində nəşr olunması və beynəlxalq aləmin bu faciələr barədə məlumatlandırılması.

Arxiv sənədlərinin əksəriyyəti Bakıda həyata keçirilən, 7-si Şamaxıdakı soyqırıma həsr olunub. Sənədlərə görə, Bakıda qırğın zamanı öldürülən azərbaycanlıların sayı 11 mindən artıq olub, Şamaxı şəhərində 8 min, Şamaxı qəzasında 8 mindən çox azərbaycanlı öldürülüb. Qubada isə 16 min insan öldürülüb ki, onun 3 mindən çoxu yəhudi olub. Qubanın 262 kəndi məhv edilib, onlardan 35-i hazırda mövcud deyil.

Xəbər lenti

Xəbər lenti