...

Azərbaycanda gənc alimlərin yaş senzi 35 yaşadək artırıla bilər

Cəmiyyət Materials 18 May 2011 14:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, Azərbaycanda gənclik dövrü 16-29 yaş arası hesab edilsə də, gənc hesab olunan alimlərin yaş həddi 35-dək artırılmalıdır.
Azərbaycanda gənc alimlərin yaş senzi 35 yaşadək artırıla bilər

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gənc alimlərin yaş senzinin artırılması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, Azərbaycanda gənclik dövrü 16-29 yaş arası hesab edilsə də, gənc hesab olunan alimlərin yaş həddi 35-dək artırılmalıdır.

"Bu təklif gənc alimlər tərəfindən qaldırılıb, Gənclər və İdman Nazirliyi tərəfindən də bəyənilib. Aktiv fəaliyyət dövrü olduğu üçün 35 yaşadək müddəti gənclik dövrü kimi qəbul etmək olar. Hesab edirik ki, bu məsələ gələcəkdə həm "Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı"nda, həm də "Gənclər siyasəti haqqında" qanunda öz əksini tapa bilər", - Orucov əlavə edib.

Mərkəz direktorunun sözlərinə görə, yaş senzinin artırılması 35 yaşadək olan alimlərə bir çox sosial güzəştlərdən istifadə etməyə imkan yaradar, onlar dünyanın müxtəlif qurumları tərəfindən gənc alimlər üçün elan edilən elmi qrant layihələrində iştirak edə bilərlər.

Orucov əlavə edib ki, bu gün gənc alimlərin innovativ fəaliyyətlərinin monitorinqinin aparılması, piar işinin təşkili, informasiya bankının yaradılması olduqca vacibdir.

Bu bankda gənc alimlərin sayı, onların tədqiqat apardıqları sahələr, innovativ işləri, ixtiraları, elmi əsərlərinin sayı və s. barədə məlumatlar cəmlənməlidir.

"Bu gün Azərbaycanda nəinki alimlərin, ümumiyyətlə, elmin piar işi çox zəifdir. Akademiyanın özündə kifayət qədər böyük işlər görülür. Amma onların çəmiyyətə və KİV-ə ötürülməsi çox aşağı səviyyədədir. Bu məsələlər "Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı"na mütləq daxil ediləcək", - Orucov qeyd edib.

Xəbər lenti

Xəbər lenti