Azərbaycan, Bakı, 23 may /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) işçiləri peşə bayramları münasibətilə bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra isə ETSN işçiləri peşə bayramları münasibətilə tədbir keçiriblər.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir Hüseynqulu Bağırov Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib.
Bağırov nazirliyin fəaliyyət göstərdiyi 10 il ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan Prezidentinin 21 may 2011-ci il tarixli, ETSN əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarına müvafiq olaraq Nazirliyin bir qrup əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə", "Tərəqqi" medalları və "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunub.
Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə ETSN-nin 13 əməkdaşını "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edib.
Sonda ETSN işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.