...

Azərbaycanın ədliyyə naziri Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatına seçilib

Cəmiyyət Materials 23 May 2011 20:01 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) illik konfransında assosiasiyanın Senatına seçilib
Azərbaycanın ədliyyə naziri Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatına seçilib

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) illik konfransında assosiasiyanın Senatına seçilib.

Trend-in Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan 100-dən çox dövləti birləşdirən BPA-nın rəhbər orqanı - İcraiyyə Komitəsində 1998-ci ildən fəal təmsil olunur. Azərbaycan uzun illər İcraiyyə Komitəsinin üzvü olub.

Ölkəmiz BPA-nın rus dilində internet saytının aparılmasını, dünya prokurorları üçün praktiki əhəmiyyətə malik rəhbər tövsiyələrinin Azərbaycan və rus dillərinə tərcümə olunaraq yayılmasını təmin edir.

Azərbaycanla əməkdaşlığa böyük önəm verən BPA-nın prezidenti, İrlandiya prokurorluq xidmətinin rəhbəri Ceyms Hamilton ölkəmizə səfəri zamanı nümayəndə heyəti ilə mayın 23-də ədliyyə naziri, assosiasiyanın senatoru Fikrət Məmmədovla görüşüb.

Azərbaycanın assosiasiyanın yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini vurğulayan nazir təşkilatın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş uğurlu iclasını xatırladıb, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində BPA-nın rolunu vurğulayaraq, ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini söyləyib.

Hamilton Azərbaycana 10 ildən sonra yenidən səfər etdiyindən məmnunluğunu bildirərək, ölkəmizdə sürətli mütərəqqi dəyişikliklərin və regionların hərtərəfli dinamik inkişafının şahidi olduğunu söyləyib. Qonaq Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın bu cür yüksək nailiyyətlər əldə etməsini, habelə BPA ilə səmərəli əməkdaşlığını vurğulayıb, dövlətimizin assosiasiyanın İcraiyyə Komitəsində uzun illər onun inkişafına verdiyi dəyərli töhfələri xüsusi qiymətləndirərək, komitədə ölkəmizin yenidən təmsil olunmasının təşkilat üçün faydalı olduğunu qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri, hakimlərin, prokurorların peşəkarlığının artırılması, BPA standartlarının və tövsiyələrinin tətbiqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti