...

Məhkəmə "əl-Qaidə" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan vətəndaşına 15 il iş verib

Cəmiyyət Materials 6 İyul 2011 16:01 (UTC +04:00)
Məhkəmə "əl-Qaidə" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan vətəndaşına 15 il cəza verib.
Məhkəmə "əl-Qaidə" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan vətəndaşına 15 il iş verib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə "əl-Qaidə" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan vətəndaşına 15 il cəza verib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən prosesdə Qusar rayon sakini Rəhim Salmanova hökm oxunub və o, məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Salmanov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma), 29, 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa cəhd), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

İttiham aktına görə, Rəhim Salmanov 2002-ci ildən Qusar rayonunda axtarışda olub. 2006-cı ildə Dağıstanda həbs edilərək Azərbaycana ekstradisiya olunub. Hacı Çankayevin daxil olduğu Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət 15 nəfərlik dəstə üzvləri dini təmayüllü təşkilatların, "İslam irsinin dirçəlişi" cəmiyyətinin və "əl-Qaidə"nin üzvü olub, Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə təlim keçiblər.

Dəstə üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunublar.

Bu cinayətlərə görə dəstənin başçısı Arif Hacıyev ömürlük, Emil Hacıverdiyev 10 il, Hamdan Mohammed Ahmed Salem, Hacı Çankayev, Abdulla Abdulkərimov və Şirin Əliyev 7 il, Aslan Berkov, İsa İslamov, Karanay Abdulhəmidov, Arsen Qaziyev, Jembek Əsədullayev, Mustafa Dəlibaşlar, İnan Əhməd, Hayal Səlçuq Hüsnü, Həsən Ağayev və Karakaş Cuma Şıximam isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Dəstənin sonuncu üzvü Rəhim Salmanov 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə edilib və məhkəmənin hökmü ilə Rəhim Salmanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin yuxarı məhkəmə instansiyalarında Rəhim Salmanovun işi üzrə hökm ləğv edilib və cinayət işi yenidən məhkəməyə göndərilib.

Xəbər lenti

Xəbər lenti