...

Arxeoloqlar Azərbaycanın Qəbələ rayonunda tarixi əşyalar aşkarlayıblar (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2011 16:14 (UTC +04:00)
Arxeoloqlar Azərbaycanın Qəbələ rayonunda tarixi əşyalar aşkarlayıblar. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib.
Arxeoloqlar Azərbaycanın Qəbələ rayonunda tarixi əşyalar aşkarlayıblar (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir M.Əliyev/

Arxeoloqlar Azərbaycanın Qəbələ rayonunda tarixi əşyalar aşkarlayıblar. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib.

Onun sözlərinə görə, Qəbələ şəhərinin Qala hissəsində arxeoloji tədqiqatlar zamanı yaxşı vəziyyətdə aşkar olunmuş iki ədəd dulus kürəsi və onun avadanlığı maraqlı tapıntılardandır. Cəbiyev bildirib ki, ağzında qurğuşun tıxacı olan və içi dolu şar-konusvari formalı qabın tapılması bu cür qabların təyinatına yenilik gətirəcək. Üzərində şəxsi adlar və şeirlər yazılmış qablar, insan və heyvan təsvirli nəfis şirli və şirsiz qablar isə XI-XII əsrlərdə zəngin şəhər həyatından xəbər verir.

Ekspedisiya rəhbəri qeyd edib ki, qədim Qəbələnin Qala ərazisində Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət (I-XVIII əsrlər) ərzində yaşayış olub.

"Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır", - o qeyd edib.

2011-ci ildə aparılan arxeoloji tədqiqatın əsas məqsədlərindən biri müxtəlif dövrləri əhatə edən mədəni təbəqələri aşkar edərək Qala ərazisində elmi ekspozisiyanı yaratmaqdır. 2009-cu ildə tədqiqatına başlanan 600 kv.m-lik sahə genişləndirilərək 1700 kv.m-ə çatdırılıb, hələlik iki mədəni təbəqə - son orta əsrlər (XIV-XVIII əsrlər) və orta əsrlər (IX-XIII əsrlər) təbəqələri öyrənilir.

Arxeoloji qazıntı işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti