...

Azərbaycanda tələbələrin təhsil haqqı ödənişləri yüngülləşdirilə bilər

Cəmiyyət Materials 30 Sentyabr 2011 12:20 (UTC +04:00)
Bu gün Azərbaycanda ödənişli əsaslarla təhsil alanlar çoxdur və tələbələrin də əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir.
Azərbaycanda tələbələrin təhsil haqqı ödənişləri yüngülləşdirilə bilər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda ödənişli əsaslarla təhsil alanlar çoxdur və tələbələrin də əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Ona görə də bütün dünyada olduğu kimi, Azərbaycanda da "Təhsil krediti haqqında" qanun layihəsinin qəbulu vacibdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib.

Onun sözlərinə görə, qanunun qəbulu ilə univesritetlərin işləri bir qədər yüngülləşə bilər.

"Çünki təhsil haqqını ödəyə bilməyib gecikdirən tələbələr bu kredit vasitəsilə borclarını ödəyə biləcəklər. Eyni zamanda, bu həm də təhsil haqqını ödəməkdən çətinlik çəkən tələbələrin rahat
təhsil almasına şərait yaradacaq", - rektor vurğulayıb.

Millət vəkili qeyd edib ki, burada təhsil kreditinin uzunmüddətli verilməsi nəzərdə tutulub.

"Qanun layihəsinin müzakirəsi zamanı çalışacağıq ki, bu kreditin mümkün qədər çox uzun müddətə qaytarılması nəzərdə tutulsun", - o əlavə edib.

Milli Məclisin payız ssessiyasında "Təhsil krediti haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti