Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların məlumat bazası yaradılacaq.
Ümidli Gələcək Gənclər Təşkilatından bazar ertsi Trend-ə verilən məlumata görə, məlumat bazasına hüquq pozuntusuna yol verən, zorakılığa məruz qalan, küçə həyatı keçirən, valideyn himayəsindən məhrum olan və əlilliyi olan uşaqlarla bağlı məlumatlar daxil ediləcək.
Bu iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Uşaq Hüquqları üzrə QHT Alyansı arasındakı əməkdaşlıq çərçivəsində aparılır.
Məlumat bazasının yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib, məlumat bazasının idarə olunması ilə bağlı xüsusi kompüter proqramı və təlimatlar hazırlanıb, zəruri texniki avadanlıqlar alınıb, mütəxəssislərin bir qismi üçün təlimlər təşkil edilib, qanunvericilik təhlil edilib və bazanın geniş tətbiqi üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsini təmin etmək üçün müvafiq addımlar atılıb.
Məlumat bazası və işlərin idarə edilməsi sisteminin pilot olaraq tətbiqi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş təklif əsasında Nazirlər Kabineti tərəfindən Nərimanov, Suraxanı və Xəzər rayonları seçilib.
Hazırda həmin rayonların müvafiq icra hakimiyyəti orqanlarının, habelə bu rayonlarda fəaliyyət göstərən müxtəlif reabilitasiya mərkəzlərinin nümayəndələri üçün təlimlər təşkil edilir.
Təlimlərin ilk mərhələsi oktyabrın 3-4-də həyata keçiriləcək.
Təlimlər başa çatdıqdan sonra həmin rayonlar üzrə xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlara dair məlumatlar Məlumat Bazasına daxil ediləcək və həmin uşaqlar və onların ailələri ilə genişmiqyaslı sosial iş aparılacaq.
Məlumat bazasının yaradılması həm də bu yaxınlarda qəbulu gözlənilən "Sosial xidmət haqqında" qanun layihəsinin tətbiqi nəticəsində xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların sosial xidmətlərə yönəldilməsi, həmin xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, habelə xidmətlər əsasında əldə edilmiş nəticələrin qiymətləndirilməsinə xeyli yardım edəcək.