...

Azərbaycan Maliyyə Nazirliyində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2011 14:57 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyində ölkənin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Maliyyə Nazirliyində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Maliyyə Nazirliyində ölkənin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanın 20 il ərzində qazandığı nailiyyətlər barədə geniş məlumat verib, ötən müddət ərzində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaqla sosial-iqtisadi inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasına çıxdığını qeyd edib.

Nazir onu da bildirib ki, ötən dövr ərzində ölkə iqtisadiyyatı bərpa olunaraq yenidən qurulub və yüksək sürətlə inkişaf edib, iqtisadiyyata daxili və xarici mənbələr hesabına kapital qoyuluşu artıb, valyuta ehtiyatları bərpa olunub, neft strategiyası uğurla həyata keçirilib, qeyri-neft sektoru inkişaf edib, manatın məzənnəsi sabitləşib, dövlətin müdafiə qabiliyyəti güclənib, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyi təmin edilib, yeni-yeni müəssisə və iş yerləri açılıb, yoxsulluğun səviyyəsi azaldılıb, xarici ticarət əlaqələri genişlənib.

Şərifov bildirib ki, Azərbaycan iqtisadiyyatındakı keçid dövrü başa çatıb, ölkə iqtisadiyyatının potensial imkanları daha da yüksəlib, ölkədə dayanıqlı və sabit iqtisadi sistem formalaşıb, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib, digər ölkələrdə irihəcmli investisiya layihələri həyata keçirilməyə başlayıb.

Nazir qeyd edib ki, müstəqillik dövründə dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsində xüsusi rolu olan büdcənin idarə olunması üçün beynəlxalq standartlara cavab verən qanunvericilik və normativ hüquqi baza yaradılıb, büdcə xərclərinin konkret tədbirlər əsasında proqnozlaşdırılmasına başlanılıb, dövlət büdcəsinin təkmilləşdirilməsi sahəsində nailiyyətlər əldə edilib.

"Bu dövrdə aparılmış büdcə-vergi siyasəti ölkənin orta və uzun müddət üçün prioritetlərini özündə birləşdirən siyasi və sosial-iqtisadi xəttinin həyata keçirilməsinə, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına güclü maliyyə təminatı yaradıb, dövlət və icmal büdcələri dövlətin əsas maliyyə mənbəyinə çevrilib", - Şərifov əlavə edib.

Bununla yanaşı, Azərbaycanın 1991-ci və 2011-ci illərdəki dövlət büdcəsi üzrə müqayisə aparan nazir məlumat verib ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 1991-ci ilə nisbətən 74,5 min dəfə artaraq 15 554,2 mln. manat, xərcləri isə 82,9 min dəfə artaraq 15 941,2 mln. manat təşkil edib.

"Sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə 1991-ci ilə nisbətən 41,5 min dəfə çox vəsait ayrılmaqla 2011-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 3 901,2 mln. manat vəsait nəzərdə tutulub", - Şərifov bildirib.

Ölkənin siyasi və iqtisadi həyatındakı bu müsbət dinamikanın bir çox beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapdığını deyən maliyyə naziri əlavə edib ki, 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının "Açıq Büdcə İndeksi" hesabatında da Azərbaycanın dövlət büdcəsi prosesinin şəffaflığı sahəsində həyata keçirdiyi islahatlar müsbət qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti