Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
İtaliya və Avropanın ən böyük təhsil və elm ocaqlarından biri olan Sapienza Universitetinin professorlarından ibarət nümayəndə heyəti Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 25-28-də ölkəmizə səfər edib. Bu barədə şənbə günü səfirlikdən Trend-ə məlumat verilib.
Səfər çərçivəsində italiyalı professorların Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində görüşləri keçirilib.
Görüşlər zamanı Sapienza Universiteti ilə Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında 2011-ci ilin iyul ayında imzalanmış anlaşma memorandumlarına əlavə olaraq icraçı protokollar, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Azəbaycan Memarlıq və İnşaat Universiteti ilə ümumi əməkdaşlığa dair anlaşma memorandumları razılaşdırılıb və yaxın zamanlarda imzalanması nəzərdə tutulub.
Eyni zamanda, görüşlər zamanı müəllim və tələbələrin mübadiləsi, birgə elmi layihələr, konfrans, "dəyirmi masa" və digər tədbirlərin keçirilməsi razılaşdırılıb.