...

Azərbaycanda bələdçilik fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün prosedur ciddiləşdirilib

Cəmiyyət Materials 1 Noyabr 2011 15:08 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə bələdçilik fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün proseduru ciddiləşdirib.
Azərbaycanda bələdçilik fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün prosedur ciddiləşdirilib

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə bələdçilik fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün proseduru ciddiləşdirib.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov çərşənbə axşamı Trend-ə bildirib ki, bələdçilik fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Azərbaycan Turizm İnstitutunun nəzdində treninq mərkəzi yaradılıb. Treninq mərkəzində təhsil alan və müvafiq komissiyada imtahan verən şəxs mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə bələdçi işləmək hüququnu əldə edir.

ATİ-nin sertifikatını almadan bələdçilik edən şəxslərin fəaliyyəti qanunsuz hesab edilir.

Qəhrəmanov artıq bununla bağlı normativ sənəd hazırladıqlarını da qeyd edib.

"Bələdçilərin hamısı eyni biliyə və təcrübəyə malik deyil. Biz bu məsələni bilirik. Ona görə də bu məsələni çox ciddiləşdirmişik. Həm də qarşıdan "Eurovision" mahnı yarışması gəlir. Ölkədə çoxlu sayda savadlı, bacarıqlı, məlumatlı, ölkəsi, tarixi, haqqında məlumatlara malik bələdçilərin olması əsas şərtdir. Biz bu istiqamətdə də işlər aparırıq", - nazirlik rəsmisi bildirib.

Qəhrəmanov onu da əlavə edib ki, ölkədə bələdçi işləyənlərin sayı çox ola bilər, lakin sertifikat alaraq rəsmi qaydada bu işlə məşğul olan bələdçilərin sayı azdır.

Xəbər lenti

Xəbər lenti