Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycanda şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.
Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.
Həftə sonuna kimi havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir.
Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.
Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir, yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qeyd edək ki, sinoptiklər havanın kəskin soyuyacağı barədə dünən də xəbərdarlıq yaymışdı.
Sinoptiklər xəbərdarlıq edirlər: Şaxtalı hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir.