...

Elmira Süleymanova: Son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində humanist qərarlar qəbul olunub

Cəmiyyət Materials 16 Mart 2012 10:44 (UTC +04:00)
Son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində humanist qərarlar qəbul olunub.
Elmira Süleymanova: Son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində humanist qərarlar qəbul olunub

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir K.Zərbalıyeva/

Son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində humanist qərarlar qəbul olunub. Trend-in məlumatına görə, bunu cümə günü Prezidentin imzaladığı əfv sərəncamını şərh edərkən ombudsman Elmira Süleymanova jurnalistlərə bildirib.

Süleymanova deyib ki, bu, sayca 51-ci əfv sərəncamıdır.

Ombudsman Prezidentin bu sərəncamını yüksək qiymətləndirib və deyib ki, dünyanın heç bir ölkəsində belə qısa müddətdə 51 əfv sərəncamı, 9 amnistiya aktı qəbul olunmayıb.

4 saylı Qadınların Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rəna Məmmədova prezidentin əfv sərəncamı ilə azad olunub. Həyat yoldaşını qətlə yetirdiyi üçün 7 il cəza alan Məmmədovanın 3 ilə yaxın müddət cəzası Prezident tərəfindən bağışlanıb.

Həmin müəsisədə əfv sərəncamının icrasında ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da iştirak edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cümə axşamı imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.

KIV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün PX-nin cəzaçəkmə müəssisələrində əfv edilən məhbusların buraxılmasına başlanılıb.

Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı əfv sərəncamı ümumilikdə 62 nəfərə şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlar arasında əcnəbi vətəndaşlar və qadınlar da var.

Xəbər lenti

Xəbər lenti