...

Şamaxının Muğanlı kəndi başqa əraziyə köçürülə bilər

Cəmiyyət Materials 29 Mart 2012 15:20 (UTC +04:00)
Şamaxının Muğanlı kəndi başqa əraziyə köçürülə bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Şamaxıda və Ağsuda olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Şamaxının Muğanlı kəndi başqa əraziyə köçürülə bilər

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

Şamaxının Muğanlı kəndi başqa əraziyə köçürülə bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Şamaxıda və Ağsuda olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir bildirib ki, Muğanlı kəndində təxminən 46 ev aktiv sürüşmə zonasında yerləşir.

Onlardan bir neçəsinin dağıldığını deyən nazir digər evlərin qəzalı vəziyyətdə olduğunu bildirib.

Heydərovun sözlərinə görə, aidiyyəti qurumların iştirakı ilə aparılan müzakirələr zamanı Muğanlı kəndinin sürüşmə aktivliyi olmayan digər bir yerə köçürülməsi barədə ilkin qərar qəbul olunub.

Nazir bu barədə yekun qərarın yaxın günlərdə açıqlanacağını deyib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərindən Muğanlı kəndində sürüşmə prosesi başlayıb.

Muğanlı ərazisində əvvəldən 14 ev qəzalı vəziyyətdə olub. Son aktivləşmə nəticəsində isə 32 ev üçün təhlükəli vəziyyət yaranıb. Onlardan 8-i tamamilə qəzalı vəziyyətdədir.

Həmin evlərin sakinləri kənd ərazisində yaşayan yaxın qohumlarının evinə köçüb.

Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb.

Xəbər lenti

Xəbər lenti