...

Azərbaycanda orta məktəb binalarının infrastrukturu dəyişdiriləcək

Cəmiyyət Materials 5 Aprel 2012 14:11 (UTC +04:00)
Azərbaycanda inkluziv təhsilin (sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması) tətbiqinin genişləndirilməsi ilə əlaqədar orta məktəb binalarının infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulur.
Azərbaycanda orta məktəb binalarının infrastrukturu dəyişdiriləcək

Azərbaycan, Bakı, 5 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda inkluziv təhsilin (sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması) tətbiqinin genişləndirilməsi ilə əlaqədar orta məktəb binalarının infrastrukturunun dəyişdirilməsi nəzərdə tutulur. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların müəssisələrə maneəsiz daxil olması üçün təhsil ocaqlarının infrastruktruna yenidən baxılması 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı layihəsində qarşıya qoyulan məsələlərdən biridir.

Dövlət Proqramı təsdiqləndikdən sonra bu məsələlərin öz həllini tapacağına ümid edən Hacıyeva bildirib ki, infrastrukturun dəyişdirilməsi ilkin olaraq, pilot seçilmiş məktəblərdə həyata keçiriləcək. Artıq bunun üçün Təhsil Nazirliyinin əsas tərəfdaşı olan YUNİSEF-lə birgə 100 məktəb müəyyən olunub. Pilot seçilmiş məktəblər ölkənin müxtəlif ərazilərini əhatə edir.

Hazırda ölkədə əlilliyi olan 60 minə yaxın uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 298-i isə inklüziv təhsilə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti