...

Beynəlxalq Yer Günü ilə əlaqədar Bakıda iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2012 13:25 (UTC +04:00)
22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "İDEA Kampaniyası"nın birgə təşkilatçılığı ilə şənbə günü Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.
Beynəlxalq Yer Günü ilə əlaqədar Bakıda iməcilik keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "İDEA Kampaniyası"nın birgə təşkilatçılığı ilə şənbə günü Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, ekologiya və təbii sərvətlər nazirliyi yanında İctimai Ekoloji Şuranın üzvləri, QHT, ictimaiyyət və media nümayəndələri, eləcə də "Təbiətin dostları" Gənclər İctimai Birliyinin "Yaşıl velosipedçilər" Klubu, "Green Baku" Könüllü Ekoloji Təşkilatı və "Park Bulvar"ın PR Xidmətinin əməkdaşları iştirak ediblər.

Ümumilikdə, 500 nəfərin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ağacların dibi yumşaldılıb və ərazi tullantılardan təmizlənib.

Tədbirin sonunda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və İctimai Ekoloji Şuranın üzvləri ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə görə "İDEA Kampaniyası"nı, "Təbiətin dostları" Gənclər İctimai Birliyinin "Yaşıl velosipedçilər" Klubunu, "Green Baku" Könüllü Ekoloji Təşkilatını və "Park Bulvar"ın PR Xidmətini diplomlarla təltif ediblər.

Qeyd edək ki, Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilib.

22 aprel - Beynəlxalq Yer Gününun keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac günü" kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, "Yer günü" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti