...

Azərbaycanda havanın temperaturunun iqlim normasından yüksək olmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 26 Aprel 2012 11:26 (UTC +04:00)
Azərbaycanda hazırda qeydə alınan temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir və yaxın günlərdə də belə hava şəraiti müşahidə ediləcək.
Azərbaycanda havanın temperaturunun iqlim normasından yüksək olmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hazırda qeydə alınan temperatur iqlim normasından 4-5 dərəcə yüksəkdir və yaxın günlərdə də belə hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva cümə axşamı Trend-ə bildirib ki, hazırda müşahidə edilən temperatur rekord göstərici deyil. Belə temperaturlar adətən hər il aprel ayı ərzində müşahidə edilir.

Tağıyeva bildirib ki, yaxın günlərdə gözlənilən temperaturlar da iqlim normasından yüksək olacaq. Belə yüksək temperatur rejimi aprelin 29-na kimi davam edəcək.

Yaxın 2-3 gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Aprelin 27, 28 və 29-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 23-28, Aran rayonlarında 24-29, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq. Ancaq gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə lokal xarakterli yağış yağacağı və şimşək çaxacağı istisna olunmur. Bu, soyuq hava kütlələrinin daxil olması ilə əlaqədar deyil.

Belə hava şəraitini yaz ayları üçün xarakterik sayan Tağıyeva temperaturun iqlim normasından yüksək olmasının səbəbini də açıqlayıb. O bildirib ki, hazırda hava şəraitini az qradientli təzyiq sahəsi təyin edir. Ölkə ərazisində hava kütləsi az hərəkətlidir. Daha çox atmosferin bir qədər yüksək olan qatlarında da cənub axınları üstünlük təşkil edir. Bununla əlaqədar havanın temperaturu normadan bir qədər yüksəkdir.

Tağıyevanın sözlərinə görə, meteohəsassas insanlar üçün hazırda komfort temperatur rejimi müşahidə edilir. Eyni zamanda atmosfer təzyiqinin norma daxilində olacağından və ciddi tərəddüd gözlənilmədiyindən, yaxın günlərdə də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti