...

Azərbaycanda üç əkiz uşağın doğulduğu ailəyə üçotaqlı mənzil hədiyyə edilib (FOTO)

Cəmiyyət Materials 23 May 2012 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

Sabirabad şəhər sakinləri Əliyev Elşən Tağı oğlu və Əliyeva Səmayə Zəka qızının ailəsində 3 əkiz uşaq dünyaya gəlib.

Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcə də zəruri məişət avadanlıqları hədiyyə edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çərşənbə günü Sabirabad şəhərinə gələrək, üç əkiz uşaqlarının doğulması münasibətilə onların valideynlərinə və doğmalarına dövlət başçısının təbrikini çatdırıb və Azərbaycan Prezidenti adından yeni mənzili, habelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib.

Nazir bildirib ki, eyni zamanda, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur. Bundan sonra da bu əkiz uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazımi işlər görüləcək.

Əkiz uşaqların valideynləri - Elşən və Səmayə Əliyevlər, onların doğmaları gənc Azərbaycan ailəsinə və gələcəyimiz olan uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə edərək, yeni doğulan əkiz övladlarını daim Vətənə və dövlətə sadiq, cəmiyyətə layiq vətəndaşlar kimi böyüdüb tərbiyə edəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti