...

Azərbaycanda işgəncə vermə cinayətinin adı dəyişdirilir, cəza isə yüngülləşdirilir

Cəmiyyət Materials 19 İyun 2012 15:40 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə İşgəncə vermə adlı 133-cü maddənin adının dəyişdirilərək Əzab vermə adlandırılması təklif olunur.
Azərbaycanda işgəncə vermə cinayətinin adı dəyişdirilir, cəza isə yüngülləşdirilir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda işgəncə vermə cinayətinin adı dəyişdirilir və həmin cinayətə görə tətbiq olunan cəza yüngülləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə İşgəncə vermə adlı 133-cü maddənin adının dəyişdirilərək Əzab vermə adlandırılması təklif olunur.

Bu cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası azaldılaraq 3 ildən 2 ilə endirilir.

Ağırlaşdırıcı hallarda həmin cinayətə görə nəzərdə tutulan cəzanın da aşağı və yuxarı həddi azaldılıb.

Belə ki, ağırlaşdırıcı hallarda bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, layihədə 2 ildən 5 ilədək təklif olunur.

Həmin cinayət işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

133.3-cü maddə isə yeni layihə ilə ləğv edilir.

133.3-cü maddədə qeyd olunur ki, yuxarıda qeyd olunan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Cinayət Məcəlləsinə işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya görə xüsusi maddə əlavə edilib.

Həmin maddə xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qismdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxs qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qaldığı halda tətbiq olunur.

Bu cinayət əməlinə görə isə 3 min manatdan 4 min manatadək cərimə, 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti