Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/
Ölkəmizin dövlət sərhədlərini pozduğu üçün iyun ayı ərzində sərhədçilər tərəfindən 39 Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyun ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 38 halda 53 nəfər saxlanılıb. Saxlanılan əcnəbilərin 7-si Özbəkistan, 2-si Gürcüstan, 1-i Türkiyə, 3-ü İran, 1-i Moldova vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozarkən 5 halda 10 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 24 halda 40 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Axtarışda olan 184 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
İyun ayında sərhədçilər tərəfindən qanunsuz dövriyyədən 1 kiloqram 543 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 3 gəmiyə və 24 qayığa baxış keçirilib.
Sərhədçilər 42 halda ümumi dəyəri 4 292 713 manat olan qaçaqmal saxlayıblar.
Qaçaqmal arasında odlu silah, siqaret və spirtli içkilər, dəmir axtaran cihaz, mobil telefonlar, müxtəlif növ dərman preparatları, ərzaq və kənd təsərrüfatı malları olub.