...

Azərbaycanda bu il məhkəmə qərarlarını icra etməyən 172 nəfər barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 22 Noyabr 2012 09:35 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş yazısında bildirib.
Azərbaycanda bu il məhkəmə qərarlarını icra etməyən 172 nəfər barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda məhkəmə qərarlarını icra etməyən 172 nəfər barəsində cinayət işi başlanıb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

Nazir qeyd edib ki, bu ilin ötən dövründə 114 mindən çox işin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 69 milyon manat vəsait ödətdirilib.

Həmçinin məhkəmə qərarlarının icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub, 2400-ə yaxın şəxsə münasibətdə borclu şəxslərin ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Ümumiyyətlə, Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və digər cinayətlər üzrə 380 cinayət işinin istintaqı aparılıb, tamamlanmış işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 60 faizi istintaqın gedişində ödətdirilib.

Nazir bildirib ki, çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilib.

Eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən təmin edilməsi təcrübəsi Sumqayıtda pilot layihə qaydasında sınaqdan keçirilib.

Bu müsbət təcrübə daha da genişləndirilərək Gəncə, Şirvan və Şəkidə 13 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 3 yeni böyük struktur yaradılıb.

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti