...

Penitensiar Xidmət məhkumlar arasında qeydə alınan ölüm faktları ilə bağlı mövqeyini açıqlayıb

Cəmiyyət Materials 27 Noyabr 2012 10:32 (UTC +04:00)
Penitensiar Xidmət son vaxtlar məhkumlar arasında baş vermiş ölüm faktları ilə bağlı mətbuatda verilən məlumatlara dair rəsmi mövqeyini açıqlayıb.
Penitensiar Xidmət məhkumlar arasında qeydə alınan ölüm faktları ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Penitensiar Xidmət son vaxtlar məhkumlar arasında baş vermiş ölüm faktları ilə bağlı mətbuatda verilən məlumatlara dair rəsmi mövqeyini açıqlayıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dərc olunmuş yazılarda PX-nin müəssisələrində cəza çəkən məhkumların vəfatı və çox təsadüfi hallarda intihar etməsi faktları ilə bağlı yanlış mülahizələr irəli sürülür, bu faktlar əsasız olaraq saxlanma şəraiti və işgəncələrlə əlaqələndirilir.

Xidmətdən bildirilir ki, yazı müəllifləri baş vermiş hadisələri adəti üzrə xidmət əməkdaşlarının qanunsuz hərəkətlərinin nəticəsi kimi qələmə verməyə çalışırlar.

PX hesab edir ki, yazı müəllifləri əldə etdikləri məlumatı aidiyyəti dövlət, ictimai və nəzarət orqanlarına deyil, cəza çəkən şəxslərin yaxın qohumlarının fikirlərinə əsasən hazırlayırlar ki, bu da həmin məhkumlar üçün xüsusi imtiyazlar əldə etmək məqsədi güdür.

Qobustan həbsxanasında noyabrın 22-də məhkum Elşən Məmmədovun intiharı ilə bağlı məsələyə münasibət bildirən qurum bəyan edir ki, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, ömürlük azadlıqdan məhrum edilmiş məhkum Məmmədov 9 ilə yaxın cəza cəkdiyi müddət ərzində səhhəti ilə əlaqədar bir neçə dəfə Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində müalicə kursu keçib və müalicə olunduqdan sonra həbsxanaya qaytarılıb.

Məhkum Məmmədov cəza çəkdiyi müddət ərzində həbsxana əməkdaşları və başqa məhkumlar tərəfindən heç bir fiziki təzyiq, eləcə də digər qanunsuz rəftara məruz qalmayıb.

"Lakin həmin müddət ərzində qohum və tanışlarının görüşünə gəlməməsi, eləcə də onunla telefon əlaqəsi yaratmamaları, məhkum olunduğu ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkməyə dözümsüz münasibət göstərməsi onda intihara gətirib çıxara biləcək mənəvi-psixoloji sarsıntı halının yaranmasına səbəb olub", - PX-dən bildirilir.

Qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyi Penitensiar Xidmətin fəaliyyətinə, o cümlədən cəzaçəkmə yerlərində mövcud nöqsanların aradan qaldırılmasına həmişə prinsipial tələbkarlıqla yanaşıb, xidmətin fəaliyyətində aşkarlığın və şəffaflığın müntəzəm olaraq təmin edilməsinin tərəfdarı olmaqla qeyri-hökumət, hüquq-müdafiə təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın inkişaf etdirilməsində daim maraqlıdır.

"Bütün cəzaçəkmə müəssisələrində, o cümlədən Penitensiar Xidmətin həbsxanasında da məhkumlar qanunvericiliyin verdiyi bu imkanlardan istifadə edirlər. Cəzaçəkmə müəssisələrindəki məişət şəraitinə gəldikdə isə, bu da daim Penitensiar Xidmətin diqqət mərkəzindədir. Ölkəmizdə beynəlxalq standartlara uyğun yeni cəzaçəkmə müəssisələri tikilir, məişət şəraiti ilə bağlı bütün çatışmazlıqlar həmin müəssisələrin tikintisi zamanı nəzərə alınır", - PX-nin məlumatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti