Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun Türkiyəyə səfəri zamanı ortaq ümumtürk tarixinin yazılması ilə bağlı məsələləri müzakirə etmək üçün keçirdiyi görüşlərdə ilkin olaraq ortaq Azərbaycan-Türkiyə tarixi yazılması barədə razılıq əldə edilib.
İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, müzakirələr zamanı başqa türk xalqlarının tarixçilərinin ümumtürk tarixinin yazılması ilə bağlı görüləcək işlərə cəlb edilməsi də qərara alınıb. Səfər zamanı Ankaranın Bilkənd Universitetində İnalcıq Xəlilə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi də keçirilib.
Fəxri Doktor diplomunu İnalcıq Xəlilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim etmişdir. Təqdimat zamanı çıxış edən ustad tarixçi İnalcıq Xəlil ümumtürk tarixində Azərbaycanın tarix boyu hər zaman önəmli rol oynadığını xüsusi olaraq vurğulayıb.