...

Azərbaycanda 180 mindən çox əmək müqaviləsinin bağlanılması təmin edilib

Cəmiyyət Materials 14 Yanvar 2013 16:11 (UTC +04:00)
Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində 2012-сi ildə kompleks tədbirlər həyata keçirib.
Azərbaycanda 180 mindən çox əmək müqaviləsinin bağlanılması təmin edilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində 2012-сi ildə kompleks tədbirlər həyata keçirib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı tərəfindən bu sahəyə dair verilmiş tapşırıqların icrasını təmini etmək məqsədilə nazirlikdə müvafiq Tədbirlər Planı hazırlanıb, bu sahədə işlərin koordinasiyalı qurulması və səmərəliliyinin artırılması məqsədi ilə xüsusi Qərargah yaradılıb.

Vergidən yayınma hallarının və əlavə vergi potensialının müəyyən edilməsi üçün işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanmasının, müqavilələrdə əməkhaqlarının düzgün göstərilməsinin təmin olunması məqsədilə Vergilər Nazirliyində "Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi barədə" əmr imzalanıb, "Əmək münasibətləri sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə" Konsepsiya hazırlanıb, əmək müqavilələrinin bağlanması sahəsindəki mövcud nöqsanların aradan qaldırılması üçün yerli vergi orqanlarında müvafiq komissiyalar yaradılıb.

2012-ci ildə əmək münasibətlərinə vergi nəzarətinin təşkili istiqamətində geniş təbliğat-təşviqat və maarifləndirmə işləri aparılıb. Bu məqsədlə reklam lövhələri quraşdırılıb, nəqliyyat vasitələrində, o cümlədən avtobuslarda, habelə taksilərdə əmək müqavilələrinin bağlanılmasının məcburiliyi barədə reklamlar yerləşdirilib. Təbliğat prosesində mərkəzi televiziya kanallarının imkanlarından geniş istifadə edilib, əmək qanunvericiliyinə dair müxtəlif reklam çarxları yayımlanıb, KİV-də elanlar və məqalələr dərc edilib. Bundan başqa, nazirliyin rəhbər vəzifəli şəxslərinin kütləvi informasiya vasitələrində çıxışları təşkil edilib, əmək müqavilələrinin bağlanması zərurəti, bu sahədə həyata keçirilən vergi nəzarəti tədbirləri barədə KİV-də geniş təbliğat kampaniyası aparılıb.

Bununla yanaşı, vergi orqanları tərəfindən respublikanın bütün regionlarında vergi ödəyiciləri ilə mütəmadi görüşlər keçirilib, əmək münasibətlərinə vergi nəzarəti sahəsində qanunvericiliyin tələbləri və məsuliyyət tədbirləri barədə geniş məlumatlandırma, təbliğat işləri aparılıb.

Aparılan kompleks tədbirlərin tərkib hissəsi kimi, əmək müqavilələrinin bağlanılmaması meyarı üzrə bir sıra riskli vergi ödəyiciləri seçilib və həmin vergi ödəyicilərinin fəaliyyəti müxtəlif vergi yoxlamaları ilə əhatə edilib. Yoxlamalar nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, həmin riskli vergi ödəyicilərində fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb və belə tədbirlərin nəticələri ictimaiyyətə açıqlanıb.

Eyni zamanda, əmək münasibətlərinə sistemli nəzarətin təşkili məqsədilə müasir informasiya və innovativ texnologiyaların verdiyi imkanlardan istifadə etməklə nazirlik tərəfindən işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat bazasının yaradılmasına başlanılıb. İşlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər haqqında məlumatın vahid məlumat bazasına işəgötürənlərin özləri tərəfindən də daxil edilməsi üçün müvafiq imkan yaradılıb. Vergi ödəyiciləri onlara verilmiş parol və şifrə vasitəsilə Vergilər Nazirliyinin internet səhifəsinə daxil olaraq işçilər haqqında məlumatı bu bazaya daxil edə biləcəklər.

Həyata keçirilmiş tədbirlər nəticəsində 11 yanvar 2013-cü il tarixə vergi orqanları tərəfindən 55 min 94 işəgötürən vergi ödəyicisi ilə 180 min 96 işçi arasında bağlanmış əmək müqavilələri barədə məlumatın yeni yaradılmış məlumat bazasına daxil olunması təmin edilib. Nəticə etibarilə qeyd olunan tarixə ölkədə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə müvafiq dəqiqləşmələr aparılmaqla muzdlu işlə əlaqədar işçi sayları 1 milyon 480 min 925 nəfərə çatdırılıb.

Hazırda vergi orqanları fərdi əmək fəaliyyəti ilə məşğul olan, lakin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirirlər. Məlum olduğu kimi, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər iqtisadi fəal əhalinin tərkibinə daxil edilir, yəni həmin şəxslər məşğul əhali hesab olunur, gördükləri işlərin müqabilində gəlir əldə edirlər. Vergilər Nazirliyi hazırda həmin şəxslərin vergi uçotuna alınaraq vergilərin düzgün ödənilməsi ilə bağlı vətəndaşlara yazılı bildirişlər göndərir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.

İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması, əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti