...

Dövlət Miqrasiya Xidməti əfqanıstanlı gəncləri Bakıda evləndirib

Cəmiyyət Materials 2 Mart 2013 10:08 (UTC +04:00)
Qaçqın statusu almaq istəyən iki əfqanıstanlı gənc öz ailə səadətinə Azərbaycanda qovuşub.
Dövlət Miqrasiya Xidməti əfqanıstanlı gəncləri Bakıda evləndirib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

Qaçqın statusu almaq istəyən iki əfqanıstanlı gənc öz ailə səadətinə Azərbaycanda qovuşub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun alınması ilə bağlı müraciət etmiş və Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində könüllü olaraq yerləşdirilmiş Əfqanıstan vətəndaşları - 26 yaşlı Həmid Sabiri və 24 yaşlı Leyli Bəxşi ailə qurmaq istədiklərini, lakin maddi vəziyyətlərinin buna imkan vermədiklərini bildiriblər.

4 ildən artıq müddətdə bir-birini sevən əfqan gənclərin öz ölkələrini tərk etmələrinə səbəb onların ailə qurmaq istəyinin valideynləri tərəfindən etirazla qarşılanması olub. Gənclər razılığı olmadığı halda qızın ailəsi tərəfindən imkanlı, eləcə də ailəli şəxsə ərə verilməsi ilə barışmayıb və Azərbaycan Respublikasına pənah gətiriblər.

Fevralın 28-də DMX-nin Kürdəxanıda fəaliyyət göstərən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində gənclərin istəkləri nəzərə alınmaqla onlara kəbin mərasimi təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul əməkdaşı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi, Azərbaycandakı Əfqan icmasının rəhbəri və digər şəxslər iştirak ediblər.

Kəbin mərasimində iştirak edən qonaqlar Dövlət Miqrasiya Xidməti tərəfindən atılmış bu addımı müsbət qiymətləndirib, bunu Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də qaçqınların və onların ailə üzvlərinin hüquqlarının qorunmasının bariz nümunəsi kimi dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti