Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/
Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün Türkiyənin meşə və su işləri naziri cənab Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər yad edilib.
Daha sonra nümayəndə heyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü baş tutub.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin oktyabrın 25-də iki ölkə arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.
Xatırladaq ki, nümayəndə heyətinin ölkəmizə səfəri aprelin 13-dək davam edəcək.