...

Azərbaycanda iş adamını qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub

Cəmiyyət Materials 7 May 2013 18:29 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
Azərbaycanda iş adamını qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Türkel Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən dövlət ittihamçısı Türkel Əsədullazadənin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, bu il iyunun 5-də, saat 15:00 radələrində Bakının Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən "Badi-Kubə" Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Qəmbərov vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

İstintaqla həmçinin müəyyən edilib ki, 2003-cü ildən təsis edilən "Badi-Kubə" kooperativini alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ə.Qəmbərov alıb və Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşasını davam etdirib.

Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda, qonşuluqda yerləşən "Altun" istirahət mərkəzinin sahibi A.Əsədullazadə "Badi-Kubə"nin təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadratmetr yaşayış sahəsi verilməli olduğunu bildirib. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıb. Ə.Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə A.Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb.

Bundan sonra Ə.Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplayıb və binanın sahəsi 2.000 kvadratmetr olan 13 mənzilinin sənədlərini A.Əsədullazadəyə təqdim edib. Həmin vaxtdan başlayaraq A.Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri-qanuni üsullarla tələb edib.

Müəyyən olunub ki, A.Əsədullazadə və Ə.Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrumetmə) və 186.1-ci (əmlakı qəsdən məhvetmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılıb, həmçinin Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatında olan 2012-ci il iyunun 1-də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanan cinayət işləri mövcuddur.

İstintaqla müəyyən edilib ki, "Badi-Kubə"nin təsisçilərindən olan Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru A.Əsədullazadə "Badi-Kubə"nin inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti