...

Kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək

Cəmiyyət Materials 16 İyul 2013 16:53 (UTC +04:00)
Bu ildən Azərbaycanda ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinə işə qəbul olunacaq gənc mütəxəssislər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək.
Kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən Azərbaycanda ucqar kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinə işə qəbul olunacaq gənc mütəxəssislər üçün bəzi məhdudiyyətlər tətbiq ediləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə deyib ki, bu il müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə görə, ucqar kəndlərdəki vakant müəllim yerlərinə işə qəbul olunan namizədlər orada 3 il çalışmalıdırlar: "Biz artıq məhdudiyyət qoymuşuq. Gənc mütəxəssisi həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndəririksə, o, həmin məktəbdə 3 il işləməyə məcburdur. Üç ildən sonra yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər".

F.Qədirov bildirib ki, bu məhdudiyyət indiyədək olmadığı üçün ucqar kənd məktəblərindəki müəllim yerlərinə qəbul olan namizədlər bir sıra hallarda onlardan imtina edirdilər. Nazirlik rəsmisinin sözlərinə görə, hər il həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar olur. Bu imtinanın səbəbi daha çox onların ailə vəziyyəti ilə bağlıdır: "Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar. Bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problem olur. Belə müraciətlərin sayı çox deyil. Ancaq biz istərdik ki, belə hallar olmasın".

F.Qədirov deyib ki, bu il gənc mütəxəssislər üçün həvəsləndirmə tədbirləri tətbiq olunan müəllim yerlərinin sayı artırılıb. Ötən illərdə 800 müəllim yer üçün həvəsləndirmə tədbirləri tətbiq olunmuşdusa, bu il onların sayı artırılıb: "Deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Buna görə də bu il 2500 yerə yalnız gənc mütəxəssisi göndərməyi qərara almışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti