...

İş adamını xüsusi amansızlıqla qətlə yetirən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Cəmiyyət Materials 22 İyul 2013 11:44 (UTC +04:00)
Şirvan Apelyasiya Məhkəməsində iş adamının ölümündə təqsirli bilinən Sevinc Rzayeva, Kamran Abbasov və Ceyhun Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
İş adamını xüsusi amansızlıqla qətlə yetirən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Məmmədov/

Şirvan Apelyasiya Məhkəməsində iş adamının ölümündə təqsirli bilinən Sevinc Rzayeva, Kamran Abbasov və Ceyhun Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Rzayeva 15 il, Kamran Abbasov 15 il, Ceyhun Məmmədov 14 il 1 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2011-ci ilin iyunun 15-də Lənkəran şəhərinin mərkəzində yerləşən üçmərtəbəli villada ev sahibi biznesmen Fərid Rzayevin asılmış meyiti tapılıb. Keçirilən məhkəmə tibbi-ekspertizasının rəyindən bəlli olub ki, biznesmen intihar etməyib. Onun başına, üzünə küt alətlə zərbələr endirilib. Nəticədə burnu sınıb, bədənində də çoxlu qançırlar müəyyən olunub. İp də boynuna ölümündən sonra keçirilib. Belə təəssürat yaratmaq istəyiblər ki, Fərid özünü asıb.

Ekspertizanın rəyindən sonra özünü öldürmə maddəsi qəsdən adam öldürmə maddəsinə tövsif edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin təqdimatı ilə iyulun 19-da Kamran Abbasov, bir gün sonra isə onun bacısı Sevinc Rzayeva həbs olunublar. Daha sonra görülən istintaq tədbirləri nəticəsində cinayətin daha bir iştirakçısı Ceyhun Məmmədov da həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti