...

Azərbaycanda iki yaşadək uşaqlar arasında pnevmoniyalarla xəstələnmə səviyyəsi təqribən 60 faiz təşkil edir

Cəmiyyət Materials 13 Avqust 2013 14:27 (UTC +04:00)
Azərbaycanda 2 yaşadək uşaqlar arasında pnevmoniyalarla xəstələnmə səviyyəsi təqribən 60 faiz təşkil edir.
Azərbaycanda iki yaşadək uşaqlar arasında pnevmoniyalarla xəstələnmə səviyyəsi təqribən 60 faiz təşkil edir

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2 yaşadək uşaqlar arasında pnevmoniyalarla xəstələnmə səviyyəsi təqribən 60 faiz təşkil edir. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, pnevmoniya xəstəliyi ilə əsasən körpələr, xüsusilə 1 yaşadək uşaqlar xəstələnirlər.

A.Əliyeva bildirib ki, pnevmoniya xəstəliyinə yoluxma halının 46-50 faizi 1 yaşadək olan uşaqlar arasında qeydə alınır. Buna görə də pnevmokokk infeksiyalarına qarşı vaksinlərin 1 yaşadək uşaqlara vurulması nəzərdə tutulur.

Mərkəz rəsmisi deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda Azərbaycanda uşaqlarda pnevmokokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsini araşdırıb. Qiymətləndirmə ÜST-nin 5 komandası tərəfindən 5 zona - Sumqayıt-Abşeron, Ziyəzən-Şabran, Ağsu-Ucar, Ağcabədi-Beyləqan və Bakı şəhərinin 2 rayonu üzrə aparılıb. Qiymətləndirmənin aparılmasında RGEM, ÜST, UNİSEF, USAİD, "Vişnevskaya Rostropovic" Fondunun nümayəndələri də iştirak ediblər. Ekspertlər vaksinin tətbiqinə hazırlıq işlərinin səviyyəsini yüksək qiymətləndiriblər.

A.Əliyeva bildirib ki, yaxın zamanlarda pnevmokokk əleyhinə vaksinlər Azərbaycana gətirilə bilər. Bundan sonra isə Səhiyyə Nazirliyi tərəfindən vaksinlərin tətbiqinə başlamaq nəzərdə tutulur. Peyvəndləmə işi milli səviyyədə, yəni bütün respublika üzrə aparılacaq və 1 yaşınadək olan bütün uşaqlar üçün tətbiq ediləcək. Peyvəndləmə işləri körpənin 2, 4 və 6 aylığında həyata keçiriləcək: "Uşaq nə qədər tez peyvənd edilərsə, bu, onu pnevmoniyalardan qoruyar. Uşaqların böyük qismi pnevmoniyalarla 1 yaşadək xəstələnir. Ona görə də valideyn bilməlidir ki, onun uşağı təqvimə görə - 1 yaşadək peyvənd edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti