...

Ramin Məmmədov: Bu gün dünya azərbaycanlı gəncləri arxalarında qüdrətli bir dövlətin dayandığına əmindirlər

Cəmiyyət Materials 13 Sentyabr 2013 10:44 (UTC +04:00)
Azərbaycan gənclərinin böyük bir hissəsi ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilib. Bunu Trend-ə Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri Ramin Məmmədov deyib.
Ramin Məmmədov: Bu gün dünya azərbaycanlı gəncləri arxalarında qüdrətli bir dövlətin dayandığına əmindirlər

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan gənclərinin böyük bir hissəsi ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilib. Bunu Trend-ə Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri Ramin Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, gənclərin təşkilatlanması, müxtəlif formatlı irimiqyaslı layihələri reallaşdırmaları, onların respublikanın dinamik inkişafına verdiyi töhfələr bu sahədə aparılan sistemli və məqsədyönlü siyasətin uğurlu nəticələridir: "Azərbaycan gəncliyinin həyatında ən mühüm dəyişikliklərdən biri, şübhəsiz ki, minlərlə soydaşımıza xarici ölkələrdə təhsil almaq imkanının yaradılması oldu".

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qəbul olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı xatırladan R.Məmmədov deyib ki, bu proqram çərçivəsində beş min nəfərin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması mümkün olacaqdır: "Bu, eyni zamanda xarici ölkələrdə Azərbaycan diasporunun yeni bir nəslinin formalaşdırılması deməkdir. Bu yeni nəsil, dünyada gedən mürəkkəb qlobal proseslər fonunda Azərbaycanın müsbət imicinin möhkəmləndirilməsinə, xalqımızın zəngin mədəni irsi və qədim tarixinin təbliği sahəsində daha müasir təbliğat metodlarının tətbiqinə, yeni dünyanın qəbul etdiyi müasir texnologiyalardan istifadə edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməyə çalışır".

R.Məmmədov bildirib ki, 2010-cu ildə keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresi, 2012-ci ildə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis olunması bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir.

DAGB sədrinin sözlərinə görə, bu tədbirlər dövlətin gənclər siyasətinin yeni bir istiqamətinin reallaşdırıldığının göstəricisidir: "Xaricdə yaşayan azərbaycanlı gənclərlə işin qurulmasının bir neçə mühüm əhəmiyyətini qeyd etmək vacibdir. Birincisi, bu siyasət xarici ölkələrdə təhsil alan, yaxud daimi yaşayan minlərlə gənci diaspor quruculuğu işinə cəlb etməklə diaspor hərəkatına keyfiyyətcə yeni bir çalar verdi. Azərbaycanlı gənclər diaspor təşkilatları təsis etməyə, yaxud artıq mövcud olan təşkilatlarda fəaliyyət göstərməyə başladılar. Məhz gənclərin təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan diasporunun daha da güclənməsinə, beynəlxalq əlaqələrinin genişlənməsinə, onun intellektual çəkisinin artmasına və nüfuzunun yüksəlməsinə səbəb olur".

R.Məmmədovun fikrincə, ikinci mühüm amil isə ondan ibarətdir ki, hər zaman ictimai fəaliyyətə meyilli təbəqə kimi özünü göstərən gəncliyin enerjisi dövlət və milli maraqlarımızın müdafiəsi işinə yönəldildi: "Bu bəlkə də xaricdə yaşayan azərbaycanlı gənclərlə işin ən vacib məqamlarından biri kimi qiymətləndirilməlidir. Və nəhayət üçüncü amil: xaricdə təhsil alan azərbaycanlı gənclər arasında həmrəyliyin yaradılmasına, eyni zamanda onların Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, Vətənə, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə stimul yaratdı".

R.Məmmədov əlavə edib ki, indi Azərbaycan xalqının qarşısında son dərəcə mühüm bir vəzifə var: "İşğal olunmuş torpaqların azad edilməsi. Bu vəzifənin ləyaqətlə yerinə yetirilməsi üçün gəncliyin də üzərinə böyük məsuliyyət düşür. Lakin bunun üçün yalnız yüksək ali təhsil almaq, bir neçə dili mükəmməl bilmək, seçdiyi sahənin peşəkarı olmaq deyil, həm də doğma vətəni daha dərindən sevmək, milli mənəvi dəyərlərə daha möhkəm tellərlə bağlı olmaq lazımdır. Azərbaycan Prezidentinin son çıxışlarının birində söylədiyi fikir olduqca diqqətəlayiqdir: "Biz çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar".

R.Məmmədov əlavə edib ki, bu gün dünyanın hansı ölkəsində yaşamasından, təhsil almasından asılı olmayaraq hər bir azərbaycanlı gənc arxasında qüdrətli bir dövlətin dayandığına əmindir. "Bu onların hər birinə güc və mübarizlik ruhu verir. Bəlkə də indi bu hər şeydən daha vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti