Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
25 sentyabr 2013-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında "Təmiz Şəhər" ASC tərəfindən bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə layihənin təqdimat mərasimi keçirilib.
"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyası ilk ali təhsil müəssisədir ki, tullantıların çeşidlənmiş şəkildə toplanması və daşınması işləri həyata keçirilir və bu sahədə "Təmiz Şəhər" ASC ilə əməkdaşlıq edilir.
Layihənin əsas məqsədi tələbələrə tullantıların çeşidlənmiş şəkildə toplanması və "yaşıl düşüncə" prinsipinin aşılanmasıdır. Layihə çərçivəsində tədris müəssisəsində tullantıların üç növü - içki qabları, kağız və karton və qarışıq tullantılar üzrə müxtəlif işarəli konteynerlər quraşdırılmış, təşviqat materialları hazırlanıb.
Təqdimat zamanı "Təmiz Şəhər" ASC-nin Layihələrin İdarə Edilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov "Təmiz Şəhər" ASC və görülmüş işlər, həyata keçirilən layihənin mahiyyətini və məqsədlərini tələbələrə izah etmiş, eləcə də tullantıların idarəedilməsi sahəsində görüləcək işlər və layihələr barədə danışmışdır. Təqdimatın sonunda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, tələbələrin diqqətini tullantıların çeşidlənməsi prosesinə yönəltmək və bu prosesdə onların iştirakını təmin etmək məqsədi ilə bu cür tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.