...

Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb: 270 mindən çox insan qan dövranı xəstəliklərindən əziyyət çəkir

Cəmiyyət Materials 28 Noyabr 2013 09:52 (UTC +04:00)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da qan-damar dövranı sistemi xəstəlikləri ötən il insanlar arasında ən çox təsadüf olunan xəstəlik olub.
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb: 270 mindən çox insan qan dövranı xəstəliklərindən əziyyət çəkir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qan-damar dövranı sistemi xəstəlikləri ötən il insanlar arasında ən çox təsadüf olunan xəstəlik olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə ölkə üzrə 271 295 nəfər qan dövranı xəstəliklərindən əziyyət çəkib (2013-cü ilin statistikası növbəti il hazır olacaq). Keçən il 30 006 nəfər qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib. Onların 15 207 nəfəri kişi, 14 799 isə nəfəri qadın olub.

2012-ci ildə Azərbaycanda 0-13 yaşlı insanlar arasında 15 982, 14-17 yaş arasında olan insanlarda 4079, 18-19 yaş arasında olan insanlarda 21 983, 30 və daha yuxarı yaşlı insanlar arasında isə 229 251 qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən xəstə olub.

Respublikada qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən 0-13 yaşlı xəstələrin 7243-ü, 14-17 yaşlı xəstələrin 1764-ü, 18-29 yaşlı xəstələrin 10 124-ü, 30 və daha yuxarı yaşlı xəstələrin isə 111 836-sı qadın olub.

Ötən il ərzində 30 və daha yuxarı yaşlı xəstələr arasında 3135 nəfər insanda kəskin miokard infarktı baş verib. Onların 1107-si qadın olub.

18-29 yaşlı xəstələr arasında 59 nəfərdə (onların 14-ü qadın olub) kəskin miokard infarktı baş verib. Aşağı yaşlı xəstələr arasında isə kəskin miokard halı qeydə alınmayıb.

Ötən il ölkədə 30 və daha yuxarı yaşlı 851 xəstədə miokardın təkrar infarktı baş verib. Onların 310-u qadın olub. 18-29 yaşlı xəstələr arasında 30 miokardın təkrar infarktı halı qeydə alınıb. Onların 6-sı qadın olub.

Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev Trend-ə deyib ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir.

İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Ümumilikdə infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur: "Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır. Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi yanaşırlar, kişilər isə qorxurlar".

Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların həyatları üçün daha riskli olmasına gəldikdə, A.Baxşəliyev deyib ki, konkret olaraq 40 yaşın kişilərin sağlamlığı üçün riskli olması ilə bağlı söylənilənlərin heç bir elmi əsası yoxdur. Onun fikrincə, bu fikir insanlarda qorxudan yaranıb. Buna görə də kişilər 40 yaşı özləri üçün riskli yaş hesab edirlər. Ancaq ümumilikdə kişilərdə 45-50 yaşdan sonra riskli yaş dövrü başlayır. Çünki 45-50 yaş arasında olduqda artıq kişilər sağlamlıqlarında müəyyən problemlərlə üzləşirlər. Onlarda kişi cinsi hormonlarının aktivliyi çox aşağı düşür. Burada siqaret çəkmənin, stabil qazanc yolunun olmaması da rol oynayır. Urbanizasiya prosesinin baş verməsi də kişilərin həyat tərzinə mənfi təsir edir.

Qadınlar isə reproduktiv yaş mərhələsində olduğu dövrdə, qadın cinsi hormonları normal fəaliyyət göstərdiyi müddətdə onlarda ürək-damar xəstəlikləri nəzərə çarpmır. Bu hormonlar qadınlara qoruyucu təsir edir, onlarda xolesterini aşağı salır, qan təzyiqinin qalxmasının qarşısını alır. Eyni zamanda, orqanlarda piylənmə əmələ gəlmir: "Əfsus ki, indi qadınlarda 30-35 yaşdan sonra, bəzilərində isə 40-a yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman aybaşı tsikli vaxtından qabaq kəsilir, menopauza dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir. Bu dövr 2-3 il, bəzən hətta 20 ilədək davam edir. Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün münbit şərait yaradır, ateroskleroz güclənir.

Səhiyyə Nazirliyinin baş kardioloqu Faiq Quliyev Trend-ə bildirib ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət heç də xarici ölkələrdənkindən fərqlənmir. Xəstəliyin cavanlaşması və artmasının səbəblərindən biri erkən diaqnostikanın aparılmasıdır.

Baş kardioloqun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin baş verməsinə səbəb olan risk faktorları ilə mübarizə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da aparılır. Bu risk faktorları siqaret çəkmə, piylənmə, hipodinamiya, artreial hipertenziyadır.

F.Quliyev qeyd edib ki, Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorların üstün rol oynadığını söyləmək çətindir: "Biz ayrı-ayrı risk faktorlarını müqayisə etdikdə görürük ki, Azərbaycanda Avropa ilə müqayisədə siqaret çəkmə daha çoxdur. Ancaq Hindistan, Çinlə müqayisədə azdır. Risk faktorlarını bir-biri ilə müqayisə etmək, onlardan hansının daha üstün rol oynadığını demək çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti