Əbülfəs Qarayev: Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2013 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

"Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur". Trend-in məlumatına görə, bunu bu gün Bakıda öz işinə başlayan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Qeyd edək ki, dekabrın 7-də yekunlaşacaq sessiya komitənin sədri seçilmiş Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. Sessiya zamanı həmçinin Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq.

Ə.Qarayev bu tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib. Onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır.

Nazirin sözlərinə görə, sessiyanın gündəliyində duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin
Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb.

Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.

Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın videomüraciəti səslənib. İ.Bokova müraciətdə mədəni irsin qorunması sahəsində Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Azərbaycan Böyük İpək
Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir. Bu liderlik YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən davam etdirilir.

İ.Bokova qeyd edib ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiya yeni qəbul olunmasına baxmayaraq, böyük ictimai marağa səbəb olub: "Bu, bizim mədəni irs sahəsindəki düşüncələrimizi dəyişir. Konvensiyanın iştirakçısı olan ölkələr bunu yüksək səviyyəli beynəlxalq hüquqi sənəd kimi qəbul edir. Biz konvensiyanın iş metodlarını gücləndirmək üçün birgə
çalışmalı, öz səylərimizi birləşdirməliyik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti