...

DİN Goranboy və Sabirabadda qaçqın və məcburi köçkünlərə 65 min manat yardım etdi

Cəmiyyət Materials 27 Dekabr 2013 17:57 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 27-də Daxili İşlər Nazirlyinin (DİN) nümayəndələri Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
DİN Goranboy və Sabirabadda qaçqın və məcburi köçkünlərə 65 min manat yardım etdi

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 27-də Daxili İşlər Nazirlyinin (DİN) nümayəndələri Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitilərinin, rifah hallarının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlərdən, böyük quruculuq işlərindən danışıb, bu kateqoriyadan olan həmvətənlərimizin qayğıları ilə daim maraqlandığına, problemlərinin həllinə hər zaman yardımçı olduğuna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didərgin düşmüş insanlara çatdıran DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 65 min manatın 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə təqdim olunub. Vəsaitin qalan 25 min manatı isə Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti