Azərbaycan, Bakı, 10 yanvar /Trend/
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Gəncə şəhərində gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önününə gül-çiçək dəstələri qoyublar.
Yolasalma mərasimi ilk dəfə olaraq Gəncənin Bayraq meydanında təşkil edilib. Öncə Azərbaycanın dövlət himni səsləndirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov çıxışında hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib.
Hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını, onların Vətən üçün layiqli övlad olacaqlarını söyləyiblər.
Ordu sıralararına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içərək "Qurani Kərim"in altından keçiblər. Tədbir gənclərin rəngarəng rəqslərinin ahəngi ilə başa çatıb.