...

Hərbi Prokurorluq tərəfindən təhqiqat orqanlarının fəaliyyətində qanun pozuntuları ilə bağlı 60 cinayət işi başlanıb

Cəmiyyət Materials 31 Yanvar 2014 15:39 (UTC +04:00)
Azərbaycan Hərbi Prokurorluğunda 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluq tərəfindən təhqiqat orqanlarının fəaliyyətində qanun pozuntuları ilə bağlı 60 cinayət işi başlanıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Hərbi Prokurorluğunda 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, 2013-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Hərbi prokuror qeyd edib ki, ötən il Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın - 2 001 948 manat məbləğində vəsaitin istintaq zamanı ödənilməsi təmin edilib. Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 63 nəfər tapılaraq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 149 yoxlama keçirilib, nəticədə 2575 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 317 təqdimat göndərilib, 222 nəfərə xəbərdarlıq edilib, 60 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 210 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 28 qanunsuz qərar ləğv olunub.

X.Vəliyev kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanları və qanun pozuntularını konkret misallarla təhlil edib. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün nəzarətin daha da gücləndirilməsini tələb edib.

Qeyd olunub ki, keçən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1741 müraciətinə baxılıb, 1063 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3412 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2738 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 27 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib. Azərbaycan baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 25 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənən 40 əməkdaş həvəsləndirilib, 37 işçi müxtəlif medallarla təltif olunub, 82 əməkdaşa rütbələr verilib, 20 işçi intizam məsuliyyətinə cəlb edilib. Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.

Daha sonra hərbi prokurorun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, şöbə rəisləri Mahir Əhmədov, Aydın Ələsgərov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Gəncə hərbi prokuroru Əmrah Mehdiyev, Qazax hərbi prokuroru Şahin Zamanov məruzə ətrafında çıxışlar edərək, hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru X.Vəliyev kollegiyaya yekun vuraraq qeyd edib ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti