Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib. Bu barədə Trend-ə SAM-ın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ATƏT-in Akademik Şəbəkəsi 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil edilmiş "Təhlükəsizlik günləri" sammiti çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis edilib.
Şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, ATƏT çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.
Şəbəkə qarşısında duran ən önəmli vəzifələrdən biri də davam etməkdə olan və 2015-ci ilədək ATƏT daxilində islahatların keçirilməsi və təşkilatın beynəlxalq arenadakı aktivliyini təmin edilməsini nəzərdə tutan "Helsinki+40" prosesinə töhfə verməkdən ibarətdir.
Şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv ölması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.
SAM-ın Şəbəkəyə üzvlük məsələsi 2013-cü ilin dekabrında ATƏT Nazirlər Şurasının Kiyev sammiti zamanı müzakirə edilmişdi.