...

Azərbaycanda mövcud seysmoloji vəziyyət dəyərləndirildi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Fevral 2014 11:04 (UTC +04:00)
Hazırda respublika ərazisində, o cümlədən dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyət sakitdir.
Azərbaycanda mövcud seysmoloji vəziyyət dəyərləndirildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Hazırda respublika ərazisində, o cümlədən dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyət sakitdir. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanlar qeydə alınmayıb: "Hazırda sakitlikdir. Zəlzələ yerin 55 km dərinliyində olduğundan müəyyən vaxtdan sonra zəif təkanlar ola bilər. Güclü zəlzələdən sonra adətən afterşoklar olur. Məsələn, Zaqatalada baş verən zəlzələdən sonra yüzlərlə zəif təkanlar oldu. Çünki o, dayaz yerdə baş vermiş zəlzələ idi. Həmin zəlzələ 8 km dərinlikdə baş vermişdi".

Q.Yetirmişli bildirib ki, praktika zəlzəldən sonra təkanların qeydə alınmadığı halların olduğunu da göstərir: "Praktika göstərir ki, zəlzələ baş verdikdən sonra yeni təkanlar da baş verir, vəziyyət sakit də qalır və fon səviyyəsinə düşür. Hesab edirəm ki, yenidən zəlzələ olsa da, dünənki gücdə ola bilməz. Zəlzələ özününün maksimal gücünü dünən göstərib".

Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanların baş verməməsi enerjinin çox toplanmasına səbəb ola bilməz. Çünki ocaqdakı hərəkət tipi qırılıb-düşmədir: "Yəni 55 km dərinlikdə laylar dəstəsi qırılıb, ocaqda hansı prosesin baş verməsini araşdırırıq. Görürsən ki, burada hərəkət tipi yalnız qırılıb-düşmədir. O düşmənin nəticəsində də sakitlikdir. Ola bilər ki, müəyyən vaxtdan sonra - bu, bir neçə gündən sonra da, lap bu gün də ola bilər- layın hansısa qalan hissəsi qırılıb düşsün. Zəif təkanlar da onda ola bilər. Bunun da heç bir qorxusu yoxdur".

Q.Yetirmişli ABŞ mütəxəssisləri tərəfindən aparılmış tədqiqatların nəticələrinə əsasən, dünən baş vermiş zəlzələnin gözlənilən olması ilə bağlı söylənilən fikirləri də əsassız sayıb: "Amerikalılar heç yerdə deməyiblər ki, Bakıda, yaxud Şamaxıda güclü zəlzələ olacaq, 100 minlərlə adam öləcək. Bu barədə hansı mənbənin fikir deməsi dəqiq açıqlanmır. Əgər belə olubsa, niyə zəlzələ Bakıda olmadı, Hacıqabulda oldu? Zəlzələ nəticəsində heç bir dağıntı da olmayıb. Bunlar hamısı əsassız söhbətlərdir. Birincisi, dünyanın heç yerində zəlzələnin proqnozu verilmir. Əgər belədirsə, onda amerikalı öz proqnozunu versin. Çünki Amerika seysmoloji baxımdan ən təhlükəli zonalardandır".

Qeyd edək ki, fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ 3-5 bal gücündə Azərbaycanın bütün ərazilərində hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti