...

Respublika Seysmoloji Xidmət Mərkəzi: Guya Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatlar əsassızdır

Cəmiyyət Materials 13 Fevral 2014 16:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son iki gündə paytaxt sakinləri arasında Bakıda zəlzələnin olacağı barədə yayılan əsassız məlumatları pisləyib.
Respublika Seysmoloji Xidmət Mərkəzi: Guya Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatlar əsassızdır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son iki gündə paytaxt sakinləri arasında Bakıda zəlzələnin olacağı barədə yayılan əsassız məlumatları pisləyib.

Mərkəzin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, Respublika Seysmoloji Xidmət Mərkəzi guya Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatları qətiyyətlə pisləyir, bu məlumatların ciddi əsası olmadığını bəyan edir.

Məlumatda qeyd olunur ki, Azərbaycan ərazisində seysmoloji vəziyyətlə bağlı müşahidələr AMEA nəzdində RSXM-də aparılır və Mərkəz tərəfindən müntəzəm olaraq baş verən zəlzələlər barədə məlumatlar ictimaiyyətə çatdırılır. Hazırda Mərkəzin 35 telemetrik seysmik stansiyaları tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir: "Təəssüf hissi ilə bildiririk ki, bəzi insanlar 10.02.2014-cü il tarixində Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra əhali arasında heç bir elmi əsası olmayan məlumatlar yayaraq, insanlar arasında yersiz qorxu və təşviş hissi yaratmağa çalışırlar. Bu insanların məqsədləri bizə aydın olmasa da bildirmək istərdik ki, bu cür fikirləri əhali arasında yaymaq insanların psixologiyasına və sağlamlığına olduqca mənfi təsir edir. Bu xəbərlərlə bağlı Mərkəzimizə son günlər edilən çoxsaylı müraciətləri nəzərə alaraq ölkə mediasına bir daha müraciət edirik. Nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində zəlzələnin dəqiq proqnozu yoxdur və hələ ki seysmologiya elmi proqnoz məsələsinin həllinə nail ola bilməyib. Dəfələrlə bəyan etmişik ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv zonada yerləşir və burda vaxtaşırı zəlzələlər olur".

Məlumatda həmçinin bildirilir ki, dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti