...

Azərbaycan Memarlıq və İnşaat Universitetində şəhid Fərhad Atakişiyevin anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2014 21:46 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ali təhsil ocağının tələbəsi olmuş, “Azərbaycan Bayrağı” ordenli qəhrəman Fərhad Rəhman oğlu Atakişiyevin anım tədbiri keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində şəhid Fərhad Atakişiyevin anım tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ali təhsil ocağının tələbəsi olmuş, "Azərbaycan Bayrağı" ordenli qəhrəman Fərhad Rəhman oğlu Atakişiyevin anım tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, mərasimin Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində təşkil olunması təsadüfi deyil.

Anım mərasimində Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xankəndi şəhəri üzrə millət vəkili Flora Qasımova, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Aytac Əliyeva, YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev, döyüş yoldaşı Arif İsmayılov və Fərhad Atakişiyevin ailəsi iştirak ediblər.

Ş.Sailov təmsil etdiyi qurumda Fərhad və onun kimi qəhrəmanlarımız haqqında geniş məlumatların olduğunu deyib: "Bir neçə il öncə "Dədə Qorqud" Fondunun prezidenti Altay Səfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təklifi və dəstəyi sayəsində Fərhad haqqında məlumatların toplanmasına start verdi. Çox böyük əziyyətlərlə onun haqqında məlumat əldə edildi, ailəsi, döyüş yoldaşları bu informasiyaların əldə edilməsində yardımçı oldu. Nəhayət onun haqqında "Qarabağdır Azərbaycan" adlı film çəkildi. Fərhad nümunə olacaq qəhrəmandır və onun ruhu hər zaman yad ediləcək".

Daha sonra "Cinealliance" kinoşirkəti tərəfindən ekranlaşdırılmış "Qarabağdır Azərbaycan" filmi nümayiş olunub.

B.Səfərov Fərhadla bağlı xatirələrini danışıb, Xankəndi şəhəri üzrə millət vəkili F.Qasımova günümüzdə vətənpərvərlik mövzusunun aktual olduğunu diqqətə çatdırdı. O, Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsinin qürurverici hal olduğunu dilə gətirdi: "İndi informasiya əsridir. Gənclərimiz təhsillərinə önəm verməklə yanaşı, internet resurslarından da səmərəli istifadə etməli, düşmənin iç üzünü açan məlumatları yaymağa səy göstərməlidirlər".

Universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova F.Atakişiyevin Azərbaycan gəncliyinə nümunə olacağını qeyd etdi: "Fərhad o zamanlar 20 yaşlarında idi. Amma öz doğma kəndinin düşmən tərəfindən hücuma məruz qaldığını eşidəndə heç nəyə məhəl qoymadan, hətta təhsilini də yarımçıq qoyub silaha sarıldı. Halbuki o, təhsilini davam etdirə bilərdi. Amma etmədi. Çünki Vətənin ona verdiyi çörəyi tapdamağa qadir deyildi. Hər bir Azərbaycan vətəndaşı belə qəhrəmanları ilə öyünür və öyünməlidir də".

Sonda şəhidin anası Dilarə Atakişiyeva göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və bu tədbirin təşkil olunamasına görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə təşəkkürlərini çatdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti