...

Şəkidə "Tarixin canlı səhifələri" adlı gənclər festivalı keçiriləcək

Cəmiyyət Materials 1 May 2014 10:57 (UTC +04:00)
Mayın 2-də Şəki şəhərindəki Xan Sarayında Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı gənclər festivalı keçiriləcək.
Şəkidə "Tarixin canlı səhifələri" adlı gənclər festivalı keçiriləcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Mayın 2-də Şəki şəhərindəki Xan Sarayında Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı gənclər festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaqdır.

Bütün dünyada geniş yayılan tarixi rekonstruksiya hərəkatı bu günə kimi Azərbaycanda öz əksini tapmayıb. Məhz bu formatda keçirilən "Tarixin canlı səhifələri" festivalı ölkədə ilk dəfə keçiriləcək.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə edir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliymiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavad xanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılacaq. Eyni zamanda, festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaq.

Festivalda 200 nəfərə yaxın tələbə iştirak edəcək.

Qeyd edək ki, festival Azərbaycanın ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti