...

ƏƏSMN: "Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlət qayğısı ilə əhatə olunub"

Cəmiyyət Materials 8 May 2014 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Müstəqil Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarının rifah halının yaxşılaşdırılması sahəsində mühüm işlərə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ümummilli lider 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilməsini, həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərə, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsi verilməsini təmin edib. Prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarına bütün sahələrdə diqqət və qayğı yüksələn xətlə davam etdirilir.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, 2006-cı ilin 01 yanvarından Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablanmasına, 2008-ci ilin 01 sentyabrından isə Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də davam etdirilir.

İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri cari il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Cənab Prezidentin digər, 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 100 manata qaldırılıb.
Hər il olduğu kimi, bu il də 9 May - Qələbə günü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə Sərəncam imzalanıb və hazırki vəziyyətə qeyd olunan təbəqələrdən olan 22879 nəfərə birdəfəlik maddi yardım verilməsini nəzərdə tutur.

Dövlət başçısının 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin əvvəlinədək növbədə olan 293 nəfər Böyük Vətən müharibəsi, 141 nəfər hərbi xidmət və 424 nəfər Çernobıl əlilinin, ümumilikdə 858 nəfərin cari ilin iyun ayından başlayaraq avqust ayının sonunadək avtomobillə tam təminatının həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, müvafiq sazişə uyğun olaraq, Böyük Vətən müharibəsi veteranları MDB ölkələri arasında ildə bir dəfə gediş-gəliş üçün nəqliyyatdan güzəştli istifadə hüququna malikdirlər. Onlar dövlət hesabına bərpa-müalicə xidməti, sanatoriya-kurort putyovkaları və s. ilə də təmin edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti