...

Piyadalarla bağlı təhlükəsizlik həftəsi çərçivəsində 400-dən çox piyada məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 8 May 2014 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Mayın 5-dən etibarən Bakıda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi ərzində 420 piyada inzibati qaydada məsuliyyətə cəlb edilib. Trend xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, mayın 11-dək davam edəcək həftəlik çərçivəsində paytaxtda yol polisinin xidməti ərazilərində piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısının alınması məqsədi ilə müntəzəm reydlərin keçirilməsi, bu istiqamətdə KİV-də təbliğatın daha da gücləndirilməsi, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub: "Bir daha bəyan edirik ki, "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi piyadaların hüquqi vəzifəsini tənzimləyir və maddədə göstərilən tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq, piyadalar məsuliyyətə cəlb olunurlar. Keçirilən təhlükəsizlik həftəliyi ərzində əhalini bir daha yollarda nizam-intizama riayət etməyə, bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırırıq".

V.Əsədov bildirib ki, statistik məlumatlara əsasən, bu ilin 3 ayı ərzində respublikada piyadaların vurulması ilə nəticələnən qəzalar ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var: "Bu ilin təkcə birinci rübü ərzində ölkə üzrə piyadaların vurulması ilə bağlı baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 86 nəfər ölüb, 152 nəfər isə xəsarət alıb. Paytaxt Bakıda isə bu ilin 4 ayı ərzində baş vermiş 169 yol qəzası nəticəsində 39 piyada ölüb".

Piyadaların yol hərəkəti qaydalarına etinasız, laqeyd yanaşdıqlarını deyən bölmə rəisi qeyd edib ki, ilin əvvəlindən bu günədək Bakıda ümumilikdə 60 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti