...

Müdafiə Nazirliyinin İdarə rəisi: Silahlı Qüvvələrdə cinayətkarlığın ümumi səviyyəsi azalır

Cəmiyyət Materials 7 İyul 2014 12:15 (UTC +04:00)
Silahlı Qüvvələrdə cinayətkarlığın ümumi səviyyəsi azalmaqdadır.
Müdafiə Nazirliyinin İdarə rəisi: Silahlı Qüvvələrdə cinayətkarlığın ümumi səviyyəsi azalır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrdə cinayətkarlığın ümumi səviyyəsi azalmaqdadır. Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

İdarə rəsinin sözlərinə görə, Müdafiə Nazirliyi sistemində təhqiqat orqanlarının yaradılması tamamilə düzgün bir addım olub: "Bu orqanların yaradılmasının zəruriliyi artıq bu gün göz qabağındadır. Statistik göstəricilərə görə, Silahlı Qüvvələrdə cinayətkarlığın ümumi səviyyəsi azalmaqdadır. Bir çox amillər cinayətlərin sayının azaldılmasına öz təsirini göstərməkdədir. Ordumuzun maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial vəziyyətinin yüksələn xətt üzrə yaxşılaşdırılması, komandir və rəislərin ardıcıl olaraq həyata keçirdikləri maarifləndirmə fəaliyyəti, cinayət və hadisələrin qarşısının alınması üçün görülən profilaktik tədbirlər, şəxsi heyətin qanunlara hörmət ruhunda tərbiyə olunması, cəzanın qaçılmazlığı prinsipinin dönmədən tətbiqi, hərbi qulluqçuların hüquq mədəniyyətinin artması və digər amillər cinayətkarlığın səviyyəsinin azalmasına xidmət edir. Bütün bu işlərin vəhdətdə həyata keçirilməsi və onların təhqiqat orqanlarının fəaliyyətində böyük rol oynaması danılmazdır".

R.Kişiyev qeyd edib ki, təhqiqat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də işlər görülür: "Misal üçün deyə bilərəm ki, cari ilin mayında Müdafiə nazirinin müvafiq qərarı ilə təhqiqat orqanlarının fəaliyyətini və xidməti araşdırmaların aparılması qaydasını tənzimləyən yeni qərar qəbul edilib. Bu qərar araşdırmaların hansı qaydada aparılmasını müəyyən edir, bu sahədə təhqiqat orqanlarının və hərbi hissələrin qarşılıqlı fəaliyyətini nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti