Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Trend-ə bildirib ki, bununla bağlı "Polis haqqında" qanuna dəyişikliklər təklif olunur.
R.Cəbrayılov qeyd edib ki, hazırkı "Polis haqqında" qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: "Amma indi bu dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək".
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və ilk iclasda müzakirəyə çıxarılacaq.